Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb, 1 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 dekabr 2020-ci il tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 23 şəhid ailəsi və qazi mənzillə, 18 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunub, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilib, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilib, 25-nin isə mənzilləri təmir olunub.

Dekabrın 24-də - Azərbaycan Respublikası Prezidentinin yubileyində Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Əziz şəhid ailələri və qazilər! Azərbaycanın müstəqilliyinin ilk illəri ağır sınaqlardan keçib, ölkəmiz vətəndaş müharibəsi və işğal təhlükəsi ilə üzləşib. Belə bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bu gün isə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf konsepsiyasının bəhrəsi olaraq Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas edərək Milli Qurtuluşa, ölkə Prezidenti cənab İlham Əliyev isə ərazi bütövlüyümüzü təmin etməklə tarixi Zəfərə qovuşdurub”.

Ali Məclisin Sədri əlamətdar gündə qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

“Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunan qazi İbrahim Nəcəfov şəhid ailələri və qazilər adından dövlətin onlar üçün yaratdığı şəraitə və göstərilən qayğıya görə minnətdarlıq edib.

Şəhid Kənan Rzayevin anası Bahar Əhmədova minnətdarlıq edərək deyib: “Oğlum Kənan Vətən uğrunda şəhid oldu. Dövlətimiz şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir, onların problemləri ilə maraqlanır. Mən də bu qayğıdan yararlanaraq dövlət tərəfindən təmənnasız əməliyyat olunmuşam. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm”.

Sonda xatirə şəkli çəkdirilib, avtomobillərə baxış olub.

Şəhid ailələrinə və qazilərə verilən mənzillər Culfa, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi məişət şəraiti yaradılıb.

25-12-2021 15-12-46